Abidənin indeksi AZ-503006-0100-004
Abidənin Adı Şəkixanovların evi Yaşayış Evi
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi məlum deyil
Abidənin Ünvanı AZ5503, Ələkbərzadə 18
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Muzey kimi istifadə olunur
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Yaxşı
      - Divarlar Kərpic, çiy kərpic Yaxşı
      - Örtüklər Taxta konst. keramit Yaxşı
      - Döşəmələr Kərpic (1mərt), taxta Yaxşı
      - Tavanlar tir, çiləkən Yaxşı
      - Fasadların dekoru gəc Yaxşı
      - İnteryerlər gəc Yaxşı
      - Divar rəsmləri tempera, yağlı boya Yaxşı
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq ərazisində yerləşdiyi üçün tələb olunmur.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 503006-0100-004
İcra Tarixi 2013
İcraçı Leyla Hüseynova
Qısa Təsviri
    Abidənin tikinti tarixi barədə dəqiq məlumat yoxdur. Bəzi mənbələr tikilinin Şəki xanlarının qış imarəti olduğunu yazır. Lakin “Şəkixanovların evi” Şəki Xan Sarayı kimi bir imarət olduğuna görə, bu abidənin Şəki xanlarının qohumlarına məxsus yaşayış kompleksinin əsas binası olduğu güman edilir. Bəzi alimlər Şəki Xan Sarayının tikilməsini 1762-ci ilə–Hüseyn xanın hakimiyyəti dövrünə (1760-1782-ci illər) aid edirlər. 1819-cu ildə rus ordusunun işğalı zamanı yazılan təsnifatda saray Məmməd-Həsən xanın (1785-1797-ci illər) evi kimi qeydə alınmışdır. Buna görə də, “Şəkixanovların evi”nin həmin dövrdə, yəni XVIII əsrin sonlarında inşa edildiyi ehtimal olunur. Bina Qacar dövrünün memarlıq üslubunda tikilmişdir. Həmin üslubda inşa olunan binalara Təbrizdə, Tehranda, Xoyda, İrəvanda, Tiflisdə də rast gəlinir. Çar Rusiyası tərəfindən Şəki xanlığının işğalından sonra bir çox önəmli saray və evlərdə rus əsgərləri yerləşdirilmiş və abidənin köməkçi tikililəri həmin dövrdə sökülmüşdür.       
    1967-ci ildə abidə dövlət tərəfindən Şəki xanlarının nəslindən olan və orada yaşayan ailədən muzey yaratmaq məqsədilə satın alınmış, lakin müxtəlif səbəblərdən muzey yaradılmamış və 1991-ci ildə tikili yenidən şəxsi mülkiyyətçiyə satılmışdır. Evdə yaşayış olmadığından təbii amillərin təsiri altında abidə tədricən qəza vəziyyətinə düşmüşdür. 2007-ci ildə “Şəkixanovların evi” yenidən dövlət mülkiyyətinə keçirilmiş və binada bərpa məqsədilə elmi-tədqiqat işlərinə başlanılmışdır.
    İkimərtəbəli evin eyni plana malik hər iki mərtəbəsi üç otaq və iki dəhlizdən ibarətdir. İkinci mərtəbəyə dəhlizdə yerləşən dairəvi pilləkənlərlə qalxmaq mümkündür. Dama çıxan pilləkən qəfəsi binanın sağ tərəfində yerləşdirilmişdir. Binanın iki giriş qapısı var. Girişlər sadə işlənmişdir.
    “Xan Sarayı”ndan fərqli olaraq girişlər portal tipli yox, sadə, əsas fasad divarından alçaqdır. Birinci mərtəbənin divarlarında heç bir bəzək yoxdur. Şəkinin yaşayış evlərinə xas olan rəflər “Şəkixanovların evi”ndə də öz yerini tapmışdır. Rəflər tavanın altında, sadə, divarın dərinliyinə işlənilmişdir. Birinci mərtəbənin mərkəzi otağında bir buxara, yanında arxa həyətə keçid qapısı yerləşdirilmişdir. Otağın digər üç divarında taxçalar, yan dəhlizlərə qapılar və baş fasada çıxan iki pəncərə vardır. Taxçalar düzbucaqlıdır, üz səthi gipslə düzəldilmiş ornamentlərlə bəzədilmişdir. Yan otaqların hər birində bir buxara, bir neçə taxça və rəflər vardır. Fasada iki pəncərə açılır. Sol tərəfdəki otaqda olan buxara 1960-cı illərdə aparılan bərpa işləri zamanı tikilmişdir. Buxaranın bacası şimal divarda olduğuna görə, buxaranın da ilkin halda məhz bu divarda yerləşdiyi hesab olunur. Lakin bərpa zamanı buxaralar işlək olmadığından, simmetrik olaraq həmin otağın şimal divarında yenisi tikilmiş və bacası qoyulmamışdır. Yan otaqların buxaraları planda dairəvi, fasad hissəsində isə gipsdən kəsilmiş naxışlarla bəzədilmişdir. Pəncərələrə rəngli şüşəli taxta şəbəkələr qoyulmuşdur. Döşəmələr yastı düzülmüş kərpicdəndir. Tavanın hündürlüyü azdır.
    Taxçaların iç səthi portret, yanları, stalaktitlər və taxçaların arası bitki ornamenti ilə bəzədilmişdir. Bəzi mənbələrdə divar portretləri Nizami Gəncəvinin Xəmsə poemasının gözəllərinin təsviri kimi qəbul olunsa da, bərpaçı rəssam N.Səfərovun mülahizələrinə əsasən 1-ci və 2-ci taxçalar Adam və Həvva, 3-cü taxça gürcü qızı, 4-cü atəşpərəst, 5-ci Səfəvilər dövrü geyimində qız, 6-cı alban etnosuna, 7-ci yəhudi (tat) millətinə mənsub olan şəxsin portreti, 8-ci taxça bolluq simvolu ilə bəzədilmişdir. Başqa sözlə divarlarda Şəki xanlığında yaşayan hər bir xalqın nümayəndəsi təsvir olunmuşdur. Şimal divarının mərkəzində buxara yerləşdirilmişdir. Planda dairəvi olan, üstü dəbilqə formasını xatırladan buxara həm daxili, həm də xarici hissədən zəngin ornamentlərlə bəzədilmişdir.
    Üst qatda oxvari tağlarla tamamlanan taxçalar–hər yan tərəfdə 3, şimal divarda 5 taxça yerləşdirilmişdir. Taxçaların arasındakı səthdə güzgü parçaları ilə doldurulmuş metal ornamentlər qoyulmuşdur. Taxçaların içəri hissəsində quşlar, ceyranlar və şirlər ağacların və güllərin əhatəsində təsvir olunmuş, taxçaların yan divarları bitki ornamenti ilə bəzədilmişdir. Divardan tavana keçid güzgü ilə işlənmiş mürəkkəb stalaktitlər əmələ gətirmiş, tavanda da rəsmlərlə kompozisiya yaradılmışdır. Bitki ornamentində 4 pəri təsvirini bərpaçı-rəssam N.Səfərov İslam dininin 4 böyük mələyi – Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayıl kimi izah etmişdir.
    Otağın cənub divarını rəngli şüşələrlə bəzədilmiş 5 şəbəkə seksiyası əvəzləyir. Üst yarusun taxçaları tağvari oxlarla tamamlanmış, alt yarusda düzbucaqlı taxçalar yerləşdirilmişdir. Hər otağın yan divarında bir buxara tikilmiş, buxaranın üstünün bəzəyi, ətrafının oyma gəclə verilmiş naxışları ona təntənə verməklə, otaqda dominant rolunu oynayır. Cənub divarının üç seksiyalı şəbəkəsi digər otaqlara oxşardır. Gəclə suvanmış fasadlardan yalnız baş fasad – cənub fasadı maraq kəsb edir. Birinci mərtəbədə iki giriş qapısı, altı şəbəkəli pəncərə, ikinci mərtəbədə beş böyük şəbəkə panosu, damaltı rəngli taxta lövhələr fasada xüsusi çalar verir.