Abidənin indeksi AZ-608002-1100-002
Abidənin Adı Məbəd və Kilsə (Çiçərəvəng monastırı) Monastır
Tipoloji Mənsubiyyəti Memarlıq kompleksi
Abidənin Tarixi I məbəd - XV əsr, II kilsə - 1863-cü il
Abidənin Ünvanı AZ1623, Bayan kəndinin mərkəzində
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Böyük və kiçik məbəd diyarşünaslıq muzeyi kimi istifadə oluna bilər.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə -----
      - Divarlar -----
      - Örtüklər -----
      - Döşəmələr -----
      - Tavanlar -----
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası yoxdur
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 608002-1100-002
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
   Bayan kəndinin kənarında, hündür ərazidə ХIХ əsrdə inşa edilən böyük kilsədən və qədim məbəddən ibarət dini kompleks yerləşir. Kilsə altı sütunlar üzərində dayanan və tağtavanla örtülən üç nefli bazilikadan ibarətdir. Şərq tərəfdə yerləşən altar apsidası planda yarımdairəvi formaya malikdir və zalın döşəməsindən 1 metr hündürdür, onun kənarlarında sövmələr yerləşir. Altar apsidasının qarşısında yerləşən orta nef günbəzli tağtavanla örtülüb. Kənar neflərin örtük sahələri yan fasadlarda maşacıqlar kimi nəzərə çarpan ön tağbəndlər fomasında həll edilib. 
Tikilinin iki çatılı damının üzərində - transeptin (köndələn nefin) mərkəzində barabana malik olmayan günbəz örtüyü ucalır. Kilsənin qərb hissəsi kompozisiya baxımından altıtilli rotondanı xatırladan zəng qülləsi ilə qeyd edilib. Kilsənin böyük ölçülərə malik olduğu və digər tikili sahəsi üzərində ucaldığı üçün xarici görkəmi kifayət qədər möhtəşəm və əzəmətli  təəssürat yaradır. Kilsə çay daşından inşa edilmişdir. Bu tikilinin böyük pəncərə açırımları, qapı açırımları və daxili dayaqları hamar yonulmuş əhəng daşı ilə üzlənmişdir, qərb və cənub fasadları dekorativ tərtib olunmuşdur. Kilsənin tikinti tarixi 1863-cü ilə aid edilir.  
   Gəncə yepiskopu Makar Barxudaryanın “Arsax” səlnaməsində burada xatirə yazılarının monastırın, kəndin və bütünlükdə bölgənin tarixi haqqında məlumatlar çatdıran əlyazma incillərinin mövcud olması göstərilir. Bu yazılarda ХVII-ХVIII əsrlərin tarixi hadisələri, müharibələri, o dövrün hökmdarları və knyazları, epidemiyaları və təbii fəlakətləri barədə məlumatlar verilir. Məsələn, onların birində 1461-ci ildə baş verən hadisələr haqqında belə bir məlumat var: “Cahan şah bir çox ölkələri işğal etdikdə”.  Digər incildə 1996-cı ildə gürcü çarı İraklinin Gəncəyə hücumu barədə yazılır. O zaman Bayan kəndi işğal edilmiş və yandırılmışdır. 1811-ci ildə vəba xəstəliyi amansızcasına dağ kəndlərinin, o cümlədən də Bayan kəndinin əhalisini məhv etmiş və Bayan sakinləri müvəqqəti olaraq Kiçik Bayan kəndinə köçərək, orada məskunlaşmışlar.
   İncillərdəki yazılardan məlum olur ki, Bayan əhalisi çox zaman xarici işğallara və daxili müharibələrə məruz qalırdılar, lakin ağır və acınacaqlı həyat şəraitlərinə baxmayaraq, əhali öz doğma kəndində yaşamağı davam edirdi. 
   Kilsənin yanında qədim məbəd yerləşir. Bu tikili yarımdairəvi altar apsidası olan zal quruluşuna malik kiçik kilsədən ibarətdir. Tikilinin planının uzunluğu 9,86 metr, eni isə 7,26 metrdir. Zalın örtüyü yarımdairəvi tağtavandan ibarətdir, altar hissəsi isə konxa ilə örtülmüşdür. Məbədin interyeri kilsələrə xas olan analoji həllə malikdir. Altar absidasının iki dərin taxçasını pastoforiyalar əvəz edir. Şimal divarda yerləşən digər taxça isə şamların bura qoyulması üçün nəzərdə tutulub. Daxili yerləşgə altar apsidasında və qərb divarında qapı üzərində yerləşən iki ensiz pəncərə açırımı ilə işıqlanır. Burada 2,61 metr eni olan qapı açırımının qeyri-standart ölçüsü təəccüb doğurur.
   Kilsə ikiçatılı damla örtülmüşdür. Divarlar əhəng məhlulu vasitəsi ilə çay daşından hörülmüşdür. Məbədin plan və kompozisiya həllərinin təhlilləri və eləcə də hörgü xüsusiyyəti və materialı bu tikilinin tikinti tarixinin Azərbaycanın abidələr siyahısında göstərildiyi kimi, son orta əsrə aid edilməsinə əsas verir. Abidənin haqqında əldə olunan olduqca az tarixi məlumatlar bu tikilinin erkən orta əsr dövrünə, daha dəqiq desək, alban memarlığının ərəblərdən sonrakı inkişaf dövrünə aid ola biləcək daha qədim tağtavanlı məbədin özüllərinin üzərində tikilməsinə ehtimal edilməsinə imkan verir. 
   Tarixi qaynaqların, epiqrafik yazıların tədqiqi və eləcə də abidənin memarlıq təhlili böyük kilsənin 1863-cü ildə Bayan kəndinin erməni mənşəli sakinləri tərəfindən inşa edilməsi barədə fikir söyləməyə əsas verir. Tikinti tarixi XV əsrə aid edilən kiçik məbədin isə alban memarlığı abidələri sırasına aid olmasını ehtimal etmək olar.
   Abidənin tədqiqi onun mühafizəsi və müasir dövrdə istifadəsi barədə bəzi tövsiyyələrin irəli sürülməsinə imkan verir. Hesab edirik ki, təmir işləri nəticəsində hər iki tikilidə olan kiçik dağıntılar aradan götürülə bilər. Abidələrin qorunma vəziyyəti qənaətbəxşdir. Bu tikililərin gələcəkdə qorunub-saxlanma vəziyyətinin təmin edilməsi üçün daşıyıcı konstruksiyaların möhkəmləndirilməsi zəruridir. Böyük və kiçik məbəd diyarşünaslıq və yaxud digər hər-hansı muzey kimi istifadə oluna bilər.