Abidənin indeksi AZ-608002-1100-003
Abidənin Adı Monastır Monastır
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ1623, Quşçu kəndindən 500 m məsafədə
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qəza
      - Divarlar daş Qəza
      - Örtüklər daş Qəza
      - Döşəmələr ---- -----
      - Tavanlar ---- -----
      - Fasadların dekoru əhəng daşı Qənaətbəxş
      - İnteryerlər daş Qəza
      - Divar rəsmləri --- -----
      - Heykəltaraşlıq nümunələri ---- -----
      - Tətbiqi sənəd əsərləri ---- -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- ----
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
   Quşçu kəndi Daşkəsən rayonundan axan Quşqara çayının sol sahilində yerləşir. Kənddən şimalda yayla yerində orta əsr monastr kompleksi yerləşir. Kompleksin günümüzə qədər salamat qalmış dini hissəsi birnefli kilsədən, tağbəndli giriş yerləşgəsindən və zəng qülləsindən ibarətdir. Hal-hazırda monastır kompleksinin ərazisində konstruksiyaları dağılmış təsərrüfat tikililərinin izləri və dekorlu daşlar qalmaqdadır.
   Monastırın əsas dini tikilisi olan kilsə üç nefli alban məbədlərinin maraqlı örnəklərindən biridir. Kilsə çox da böyük olmayan zaldan, ensiz və dərin altar apsidasından və zalın divarının xarici səthindən 1,25 metr şimala və cənuba tərəf irəli çıxan iki sövməədən ibarətdir. Bunun nəticəsində kilsənin planı T-şəkilli forma əldə etmişdir. Bu tikilinin əsas yerləşgəsi olan uzunsov və ensiz zal iki cüt pilyastra malikdir. Şimal və cənub divarlarda taxça yaradan divaryanı tağlar çox da hündür olmayan şərq pilyastrlarına dayaqlanır. Qərbdə yerləşən cüt pilyastrların üzərində qurulan tağa, altar tağına və kənar divaryanı tağlara qeyri-adi formaya malik günbəz dayaqlanır. Günbəzin daxilində qurulmuş yumurtavarı formaya malik sferik konstruksiya hündür olmayan səkkiztilli təmələ dayaqlanır. Eyni zamanda onun xaricdən aşağı hissəsi üzərində çadır damın qalıqları ucalan və karnizin dağıntıları qalan baraban kimi tərtib edilmişdir. Günbəzin aşağı hissəsi səkkiz pəncərə vasitəsi ilə tərtib olunmuşdur. 
   Kilsənin divarları üç qatlı hörgü vasitəsi ilə hörülmüşdür. Divarların xarici və daxili qatları düzbucaq formalı kobud yonulmuş daşlardan yığılmışdır. Xarici divarların 50-60 sm hündürlükdə və 100 sm uzunluğunda aşağı cərgələri iri daşlardan hörülmüşdür. Yuxarıya doğru daşların ölçüləri kiçilir. Kilsənin şimaldan pritvor bir girişi var və bu da tikilini digər analoji abidələrdən fərqləndirən qeyri-adi xüsusiyyətdir.  
   Kilsənin altar hissəsi hündür deyil. Altar apsidasının, günbəzaltı hissənin və tağçaların tağları oxvari formaya malikdir. Pəncərələrin və qapıların açımüstü atmalarında, eləcə də divar hörgüsünün üzərində xaçdaşlardan istifadə olunmuşdur. Kilsənin pəncərə açımları üzərində qurulmuş qıfılbəndləri, tağ zərbi kimi profilli qabağa çıxan dekorativ ünsürləri xatırladan sadə şəkilli oyma naxışlarla tərtib edilən bütöv daşlardan ibarətdir. Bu tikilinin şimal qapısı, üzərində erməni dilində epiqrafik yazıları olan iri daşla örtülmüşdür.
   Qərbdən kilsəyə onun hündürlüyündən fərqlənən giriş yerləşgəsi birləşir. Giriş yerləşgəsi pilyastrlara dayaqlanan üç çatma tağdan ibarət tağtavanlı örtüyə malikdir. Divarlar çay daşından,  pilyastlar və tağlar isə hamar yonulmuş əhəng daşından hörülmüşdür. Giriş yerləşgəsi şimal və qərbdən qapıları var və iki kiçik pəncərə vasitəsi ilə zəif işıqlanır. Qərb divarında oxvari tağla tamamlanan iki böyük taxça qurulmuşdur. Çatma tağla tamamlanan yan taxçaların hörgüsünə xaçdaşlar daxil edilmişdir. Kilsə kandarının üstünü örtən tağtavanın orta hissəsinin üzərində kənarları səliqə ilə daşla hörülən oyuq nəzərdə tutulmuşdur. Bu da kilsənin ilkin vəziyyətində zəng qülləsinin bilavasitə giriş kandarının üzərində yerləşməsini göstərir. Hörgü üzərində nəzərə çarpan tikiş kilsə ilə giriş yerləşgəsinin müxtəlif vaxtlarda inşa olunmasını sübut edir.   
   Zəng qülləsi monastır kompleksinin ən yeni hissəsidir. Bu tikilinin planda kvadrat formalı aşağı qatı daş plitəsi şəklində sadə kapitelləri olan kvadrat kəsimli dirəklərə dayaqlanmış yarımdairəvi tağ açırımlarına malikdir. Tikilinin yuxarı yarusu günümüzə qədər qalmamışdır. Onun zınqırovu olan kiçik rotonda şəklində olmasını təxmin etmək olar. Zəng qülləsi hamar yonulmuş əhəng daşı ilə üzlənmişdir. Daşların üzərində tikilinin inşa tarixinin ХIХ əsrə aid olmasını göstərən xatirə yazıları həkk edilmişdir. 
   Kilsə memarlıq-plan həlli baxımından iki sövməənin zal-tağtavan tipli məbədlər sırasına aiddir. Bu tipli analoji məbədlər Vaquas, Ayrivəng, Кiçan və digər kəndlərdə bizim tərəfimizdən tədqiq olunmuşdur. 
   Həmin tipli, yəni cənub və şimal tərəfdən pastoforiyalar tikilən zal-tağ-tavan tipli kilsələr alban memarlığının qonşu ölkələrdə tamamilə analoqları olmayan təzahürüdür.  Bu məbəd tipi zala malik bir nefli kilsələrin geniş yayılması və onların memarlığının xristian dininin artan tələblərinə uyğunlaşması cəhdinin nəticəsində meydana gəlmişdir. Bir sıra xüsusiyyətlərinə (planda nalşəkilli altar apsidasının mövcudluğu, inşaat texnikası və s.) görə bu kilsələrin memarlığı  V-VII əsrlərin abidələrinə oxşardır. Həmin tikililərdə təcəssüm tapan ilkin kompozisiyanın əlavə yerləşgələrlə mürəkkəbləşdirmə və onun elementlərinin artırılması ideyası IX-ХI əsrlərin  xristian memarlığının ümumi inkişaf tendensiyasına uyğundur. Lakin yuxarıda adı gedən məbədlərdən fərqli olaraq, Quşçu kəndindəki məbədin günbəzi mövcuddur. Məbədin günbəzlə örtülən zallara xas olmayan plan həlli günbəzin sonralar, məbədin yenidənqurulması zamanı ucaldılmasını təxmin etməyə əsas verir. 
   Tədqiqat nəticəsində aparılan memarlıq təhlili bu kilsənin ХI-ХII əsrlərin memarlıq abidələri sırasına aid edilməsinə əminliklə imkan verir. Hörgü xarakteri və digər xüsusiyyətlərlə yanaşı kilsənin qərb fasadının giriş kəndarına açılan pəncərəsi də bu tikilinin çox sonralar inşa edilməsini göstərir. Beləliklə, Quşçu kəndində yerləşən kilsə ХIХ əsrdə ermənilər tərəfindən zəng qülləsi əlavə edilən ХI-ХII əsrlərin alban abidəsidir.