Abidənin indeksi AZ-501017-1100-001
Abidənin Adı Alban məbədi Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ3635, Böyük Əmili kəndi, Dağın üstündə, keçmiş Rusiyanın Radiolokasiya Qurğusunun yaxınlığında
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Konservasiya işlərinin həyata keçirilməsindən sonra abidə və onun ətraf ərazisi yerli və xarici turistlərə nümayiş etdirilməsi məqsədi ilə muzeyə çevrilməlidir.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə əhəngdaşı Qəza
      - Divarlar əhəngdaşı Qəza
      - Örtüklər -----
      - Döşəmələr -----
      - Tavanlar -----
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq zonası şimala-22.7 m, cənuba-27 m, qərbə-24.2 m, şərqə-30.2 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 501017-1100-001
İcra Tarixi 2013
İcraçı Səbinə Haciyeva
Qısa Təsviri
   Arxeoloqların aşkarladığı məbədin qalıqları xaricdən çoxguşəli, daxildən isə 10,4 m diametri olan dairəvi divardan ibarətdir. Divarın daxili səthindən 1 m aralıda 40 sm hündürlüyü olan daş hörgünün əmələ gətirdiyi, diametri 8,4 m olan ikinci dairə keçir. O tikilinin artıq uçulmuş qübbə hissəsini saxlayan səkkiz sütunun bazası rolunu oynayırdı. Məbədin əsas həcminə şimal-şərq və cənub-şərq tərəfdən dairəvi planlı iki kiçik otaq birləşir. Eni 95 sm olan divarlar əhəng məhlulunda çaylaq daşından və bozumtul-ağ «puçdaş» daşlarından hörülmüşdür. Məbədin sütunlarının və digər detallarının işlənməsində bişmiş kərpicdən istifadə olunmaqla daş hörgülər tətbiq edilmişdir ki, bu həmin zonadakı digər abidələr üçün də səciyyəvidir (Qum bazilikası, Lekit). Daxildən dəyirmi olan divarların fasad hissəsi qeyri-bərabər on iki guşəli şəklindədir, şərq tərəfdən ona bitişik olan iki otağın divarlarının xarici səthi isə dörd cüt bəndlə bəzədilmişdir. Məbədin şimal, cənub və qərb tərəflərindəki üç giriş piştağ şəklində işlənmiş və tağbənd örtüklə örtülmüşdür. 
   Kilsədağ məbədinin günbəzinin dayağını sütunların üstündən atılmış tağlar və ya yastı daş arxitravlar təşkil edir. 
   Şərqdə, o cümlədən Azərbaycanda ənənəvi xalq memarlığında kvadrat əsas üzərində günbəz tikintisi daha çox yayılmışdır. Güney Qafqazda dairəvi məbədlər adlanan 7 məbəddən 6-sı–Mamrux, Ləkit, Zvartnos, İşxani, Bana və Qagikaşen bu cür günbəz konstruksiyasına malikdir. Təkcə Kilsədağ məbədi sütunlar üzərindən atılan tağlar və ya yastı antablementlər ilə yaradılan dairəvi günbəz əsası ilə fərqlənir. Bu xüsusiyyət Kilsədağı digər məbədlərdən fərqləndirir və onun antik memarlığa yaxın olmasını deməyə əsas verir. Böyük günbəzin (d=6,4 m) aşırma qüvvəsini təkcə dövrələmə tağbənd örtük deyil, həm də kontrfors rolunu yerinə yetirən şərq tərəfdəki dairəvi yerləşgələr və giriş portallarının qalın yan divarları qəbul edirdi. Ehtimal ki, məhz konstruktiv tələblər əsas həcmə bitişən yerləşgələrin və giriş portallarının özünəməxsus həllini diqtə etmişdir. Məbədin digər özəlliyi – bir qədər də olsun şərqə istiqamətləndirmənin yoxluğudur, halbuki Güney Qafqazın başqa dairəvi məbədlərində mehrab hissələri bu və ya digər üsulla – şərq istiqamətini vurğulayır. Kilsədağın plan kompozisiyası bu xüsusiyyətə malik deyil, bu da onun xristianlıqdan əvvəlki ayinlərlə əlaqəsinin olduğunu təsdiq etməyə əsas verir. İstisna edilmir ki, o, bütpərəst məbədi kimi tikilmiş, sonradan kilsəyə çevrilmişdir, bu da Qafqaz Albaniyası memarlığı tarixində nadir hal deyil.
    Bu özəlliklər Kilsədağı kvadrat özülə dayanan günbəzə malik digər dairəvi məbədlərdən fərqləndirir və onun səciyyəvi rotondal sxemli ellin mədəniyyətinə yaxın olduğunu söyləməyə əsas verir. Ellin abidələri çevrəsinə tipoloji yaxınlıq, girdə əsası olan günbəzin ikiqatlı kompozisiyası, daxili məkanın xristian məbədləri üçün səciyyəvi olmayan təşkili belə deməyə əsas verir ki, Kilsədağ məbədi son antik dövr memarlarının əsəridir və III əsrdən gec tikilməyib. D.A.Axundov belə hesab edirdi ki, Kilsədağ məbədi xristianlıqdan öncəki qədim dualistik məbədlərdən biridir və sonradan xristian ibadətxanasına çevrilmişdir. Kilsədağdakı məbəd dairəvi alban ibadətgahlarının ən qədimidir. Sonralar onun təsiri ilə Mamrux (Zaqatala rayonu) və Ləkit (Qax rayonu) məbədləri tikilmişdir.