Abidənin indeksi AZ-102005-0200-001
Abidənin Adı Nizaməddin məscidi Məscid
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1329-1330, 1384-85, 1855-56, 1866-67, 1875
Abidənin Ünvanı AZ1049, Əli Bayramov küçəsi, döngə 2
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər İlkin təyinatı üzrə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qənaətbəxş
      - Divarlar daş Qənaətbəxş
      - Örtüklər daş Qənaətbəxş
      - Döşəmələr daş Qənaətbəxş
      - Tavanlar tağ Qənaətbəxş
      - Fasadların dekoru əhəng daşında bitgi ornamenti Qənaətbəxş
      - İnteryerlər daş, suvaq Qənaətbəxş
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq zonası şimala-14 m, cənuba-30 m, qərbə-32 m, şərqə-14 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 102005-0200-001
İcra Tarixi 2013
İcraçı Leyla Hüseynova
Qısa Təsviri
    XIV əsrdə yonulmuş əhəng daşından tikilən bu məscid  Xilə kəndinin adlı-sanlı adamlarından olan Əmir Nizaməddinin təşəbbüsü ilə inşa edilmişdir. O vaxtlar ona Əmir hac ("hacılar əmiri") vəzifəsi verilmişdir, o da Məkkəyə ziyarətə gedənlərə hamillik edirmiş. Bu ləqəb onu daşıyan şəxsin üzərində ömrü boyu hörmət və izzət mənasında qalırdı. Beləliklə, Məscid Kesrani Şirvanşahlar sülaləsinin son hökmdarlığı dövründə tikilməyə başlanmışdır. Məscidin qərb fasadının mərkəzi hissədə qapısının üstündə fars dilində bir beyt yazılıb: "Dünya bir əyləncə, dəbdəbə, şan-şöhrət və iztirabdan başqa bir şey deyildir". Kitabənin ərəb dilində yazılmış ikinci sətri isə belə oxunur: "Bu Allah evinin tikilməsini əzəmətli Fəxrəddin oğlu Əmir Nizaməddin Əmirhac əmr etdi. Üçüncü sətrdə "yeddi yüz otuzuncu ilin aylarında" (730-cu il x. 1329-1330 il miladi). Nizaməddin məscidi tarixi boyu dəfələrlə genişləndirilmiş, bərpa və təmir edilmişdir. İndiki vəziyyətində onun yalnız mərkəz hissəsi qədim Nizaməddin məscidinə aiddir. Mərkəzi hissə kvadrat ibadət zalından və ona şərq tərəfdən birləşən iki xanədən ibarətdir. Şimal xanənin 2 m şimal divarının içində dama çıxmaq üçün pilləkən yerləşdirilib. Xanələr qadınlar üçün nəzərə tutulub və onları mərkəzi zaldan kərpic şəbəkə ayırırmış. Nizaməddin məscidi tikilməsindən sonra Kesrani Şirvanşahlarını Dərbəndi Şirvanşahları əvəz edir (1382-1538). Bu zaman 1384-1385-ci illərdə Nizaməddin məscidi Şərifəddin tərəfindən təmir edilmiş və onun qərb fasadının cənub tərəfində yeni portal tərzli bir qapı  tikilmişdir. Qapının üzərində daş kitabə yerləşdirilib. Ərəb dilində iki sətirlik kitabədə. "Bu imarətin tikilməsini Nəsrəddin Qutluqşah oğlu Şeyx Mahmudun oğlu Şərifəddin əmr etmişdir 786(1384-1385)" həkk olunub. Ola bilsin, məscidin cənub tərəfində Şərəfəddin tərəfindən bir imarət tikilmişdir. Portalın quruluşundan demək olar ki, imarət ikimərtəbəli olmuşdur. Çox güman ki, imarət məscidin ruhaniləri üçün tikilmişdir. Sonralar, naməlum səbəblərə görə imarət uçmuş və onun içərisi kiçik bir həyətə çevrilmişdir. Məscidin üzərindəki başqa kitabələrə əsaslanıb qeyd etmək olar ki, 1830-1831-ci illərdə burada ciddi, əsaslı təmir işləri aparılmış və onun şimal divarının  yanında yeni bir xanə tikilmişdir. Qərb fasadının şimal tərəfində qoyulan qapı yerinin yuxarısında nəstəliq xətti ilə yazılmış üst kitabədə Bisimi allahi Rəhmani Rəhim, Məscidə salam və salamat daxil olun. 1246. Usta Süleymanın işidir (1246il x.-1830-1831). Qapının çatma tağının üstündə ikinci kitabəyə görə məscid yenidən şimal tərəfə genişləşdirilmiş və təmir edilmişdir. Ərəb dilində nəsx xətti ilə yazılan kitabədə: Həqiqətən  Allaha və axirət gününə inanan, namaz qılan, zəkat verən şəxs Allahın məscidlərini təmir edər. Və həqiqətən bu yeni məscidi köhnəyə alim, Fazil Şeyx Məhəmməd İbn Şeyx Nəcəf 1272-ci (1855-1856) ildə bitirmişdir.
1866-67-ci ildə Nizaməddin məscidinin şimal-şərq küncünə alçaq bir xana tikilib əlavə edilmişdir. Buranın döşəməsi məscidin döşəməsindən 2.9 m hündürdədir. Deyilənlərə görə bu xanəni Seyid Məhəmməd adlı bir şəxs tikdirərək orada dərs deyirmiş. Bu xana Şeyx Məhəmmədin (Seyid Məhəmməd) mollaxanası imiş. Mollaxananın şərq fasadında olan qapının üstündə iki sətirlik kitabə var ki, onun yazısının birinci sətri ovulub, ikinci sətrində "Usta Abbasəlinin işidir-1283(1866-67)". 1876-cı ildə məsciddə  yenidən təmir və yenidənqurma işləri aparılmışdır. Məscid cənub tərəfə genişləndirilmişdir. Qərb fasadda olan şərəfəddin tərəfindən portalın üstündə yerləşdirilən ikinci kitabədə “Həqiqətən bu məscidi hacı Bədəl qızı Fatma xanım 1293-cü ildə(1876) tikdirmişdir. Onu (kitabəni) Məhəmməd Nağı yazmışdır”. Artırılmış hissənin şərq tərəfinə uzunsov bir xanə də bitişik tikilmişdir. Onun təyinatı bilinmir. Yeni tikilən hissədə, cənub divarın mərkəzində yaraşıqlı, stalaktitlərlə tamamlanan mehrab yerləşdirilib. Mehrabın dalında bir xana da var ki, o da məscidə xidmət edən ruhanilər üçün tikildiyi güman edilir.
    Bu məscidin ibadət zalı əvvəllər kiçik olsa da, get-gedə böyüdülmüşdür. XX əsrin əvvəllərində məsciddə yenidən təmir olmuşdur. Qərb fasadının  mərkəzində vaxtilə Nizaməddinin tikdirdiyi qapının qarşısında tosqan üslubunda dörd daş sütundan ibarət portik düzəldilmişdir. Potrikin sütunları və antanblementləri bütöv əhəng daşından yonulub. Karnizin qarşı tərəfində ərəb dilində bir sətirlik kitabə var: "Bu yerin banisi Rizvan oğlu mərhum Hacı Xələfdir”. Cənub fasada əlavə olan xananın qarşısında qərb fasaddan eyvan tikilmişdir, hazırda eyvanın üstü açıqdır. Qərb fasadın qarşısında enli daş səki tikilmişdir, onun da şimal tərəfində kiçik bir çarhovuz və quyu vardır. 
Məscid qaya üstündə tikilib. Onun qədim hissəsinin altında qayada çapılmış sərdabə var. Yerli yaşlıların dediklərinə görə əvvəllər bu sərdabə yox, yeraltı gizli zirzəmi imiş və bunun yolu Şərəfəddin tərəfdən tikilən portalın həyətindən olub. Müharibə vaxtı yerli əhali buradan sığınacaq kimi istifadə edirmiş. Ancaq XIX əsrin əvvəlindən zirzəmi sərdabə kimi istifadə olunub. 1876-cı ildə Fatma xanım tərəfindən aparılan genişləndirmə zamanı zirzəminin giriş yolu bağlanılıb. Sərdabə qərb fasadı tərəfə genişləndirilib və oraya girmək üçün yeni qapı yeri və daş pilləkən düzəldilib. Sərdabədə aparılan tədqiqat zamanı oradan çoxlu skelet, tabut və insan sümükləri yığılmış qutular tapılıb. 1920-ci ildən sonra sərdabə bağlanmış və oradan istifadəyə qadağa qoyulmuşdur.