Abidənin indeksi AZ-503006-2001-001
Abidənin Adı Şəki xan sarayı Saray
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi 1797
Abidənin Ünvanı AZ5503, Axundov küç. Qala divarlarının içi
Müasir İstifadə Xarakteri Turizm məqsədi ilə
İstifadəsi Üzrə Təkliflər Muzey kimi istifadə olunur
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə Döyülmüş çay daşı Yaxşı
      - Divarlar Kərpic, çiy kərpic Yaxşı
      - Örtüklər Taxta konst. keramit Yaxşı
      - Döşəmələr Taxta-Parket Yaxşı
      - Tavanlar gəc Yaxşı
      - Fasadların dekoru gəc Yaxşı
      - İnteryerlər gəc Yaxşı
      - Divar rəsmləri tempera, yağlı boya Yaxşı
      - Heykəltaraşlıq nümunələri ----- -----
      - Tətbiqi sənəd əsərləri ----- -----
Qorunma Kateqoriyası Dünya
Təsdiq Olunmuş Mühafizə Zonası
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- 503006-2001-001
İcra Tarixi 2013
İcraçı Leyla Hüseynova
Qısa Təsviri
    Şəki şəhəri XVIII əsrdə Şəki xanlığının paytaxtı olmuş və xanların iqamətgahı həmin şəhərdə idi. Şəki xan sarayının tikilməsini bəzi alimlər 1762-ci və ya 1765-ci illərə Hüseyn xanın xanlıq dövrünə(1760-1782) aid edirlər. Şəki xan sarayı böyük bir kompleksin əsas iqamətgahı olub. Saraydan başqa kompleksə Xan məscidi, hərəm, çoxsaylı yataq otaqları, hamam, anbarlar, təsərrüfat otaqları, tövlələr və s. tikililər daxil olub. Bu tikililərin hamısı Qala divarlarının içərisində yerləşdirilib və qalanın əksər ərazisini tutubmuş. Binanın tikilmə üslubu Qacar dövrünün memarlıq üslubudur. Rus əsgərlərinin Şəki xanlığının işğalından sonra qala divarları içində yerləşdirilməsi bir çox saray tikililərinin sökülməsi və həmin ərazidə orduya lazım olan kazarma, həbsxana kimi binaların tikilməsi ilə nəticələndi.
    Şəki xan sarayı Şəki yaşayış evləri ənənəsində tikilmiş ikimərtəbəli binadır. Sarayı adi yaşayış evlərindən fərqləndirən onun dekorativ bəzəkləridir. Əsas cənub fasadı güzgülü stalaktitlərlə tamamlanan portal, rəngli şüşələrlə bəzədilmiş şəbəkələr, gəc üzərində kəsilmiş və rənglə doldurulmuş naxışlar binanın xanlara mənsub olmasını sübut edir. Şimal fasad sadə həll olunan, kənarlardan dərinləşən, gəclə suvanan düz səthdir. Əsas bəzəyi ikinci mərtəbənin zalından açılan iri şəbəkə panosudur. Qərb və şərq fasadlar çox sadə həll olunub. Gəclə suvanmış fasad səthlərində ancaq yan pilləkənlərə açılan qapılar  yerləşdirilib. Qərb fasadda ikinci mərtəbə səviyyəsində dama çıxan pilləkənə giriş qapısı  və iki pəncərə də  var.
    Sarayın birinci və ikinci mərtəbələrinin planı bir-birini təkrar edir. Əsas fasaddan içəriyə iki qapı ensiz dəhlizə aparır. Dəhlizdən mərkəzi və yan otaqlara qapılar açılır. Dəhlizlərin divarları sadə, tavanlar rəngli (qırmızı-yaşıl)  taxta parçalarından yığılmış düzbucaqlı formadadır. Birinci mərtəbənin yan otaqları tam oxşardır. Hər bir otağın qərb və ya şərq fasada çıxan divarında buxarı yerləşdirilib. Divar səthləri üç yarusa bölünüb. Birinci yarus sadə suvanıb, ikinci yarusda   stalaktitlərlə tamamlanam taxçalar yerləşir. Stalaktit kəməri ikinci yarusu üçüncüdən ayırır. Divardan tavana keçid də daha mürəkkəb iki sıra stalaktitlərlə həll olunub. İki yan otağın tavanları da müxtəlifdir. Qərb tərəfdəki otaqda tavanı iki rəngli-qırmızı və göy-taxta parçalarından yığılmış düzbucaqlı formadadır. Şərq tərəfdə olan otağın tavanı taxta parçalarından yığılıb və yaşıl fonda al qırmızı rozetka və künclərdə qırmızı haşiyələr çəkilib. Çox güman ki, tavanın belə həlli çox saylı təmirlər zamanı əmələ gəlib.  
    Binada əsas diqqət  birinci və ikinci mərtəbənin mərkəzi otaqlarına-zallara verilib. Birinci mərtəbənin zalında  şimal divardan tikilən iki ədəd iki metrlik divar zalı əsas zala, xannişin (şahnişin) və onun yan tərəflərində iki kiçik otağa  bölür. Beləliklə, xannişin xan oturan yer, kiçik otaqlar yük yeri, böyük zal isə qonaqlar üçün ayrılıb. Xan-nişinin şimal divarında buxarı yerləşdirilib, ortasında mərmər fəvvarə və mərmər döşəməsi olub. Buxarının kənarları güzgülərlə bəzədilib. 2001-ci ilin bərpa işləri zamanı fəvvarə və döşəmə kərpicdən tikilib. 
Zalın divarları üç yarusa bölünüb. Aşağı yarusda çəkilmiş səkkizgüşəli ulduzlar  xalçaya oxşar ornament yaradır. İkinci yarusda stalaktitlə tamamlanan taxçalar, yuxarı yarusda oxvari tağlarla tamamlanır. İkinci və üçüncü yarusun arasında enli kəmər verilib. Üçüncü yarusdan tavana keçid iki sıra stalaktitlərlə həll olunub. Zalın bədii tərtibatı tavan hündürlüklərinin müxtəlifliyində də öz əksini tapıb. Zalın tavanı taxta şəbəkə ilə yığılmış düzbucaqlı böyük bir panodur. Tavanın mərkəzində üst konstruksiyanın içinə doğru güzgü parçalar ilə üzlənmiş stalaktit keçid və güzgü üzərində yığılmış şəbəkədən bir fənər yaradılıb. Xan-nişinin tavanı daha alçaq və daha təntənəlidir. Tavanda yastı bir güzgü layının üstündə gəclə işlənmiş həndəsi oyma ornament verilib. Zalın divarları, taxçalar, stalaktitlər çox gözəl rəsmlərlə bəzədilib. Rəsmlərdə gül buketləri, şam ağacları, üstündə qırmızı meyvələri olan nar ağacları, qızıl güllü kəmərlər otağa xüsusi əzəmət verir. Stalaktitlərin rəsmləri hərəsi ayrı-ayrılıqda bir süjet təşkil edir. 
    İkinci mərtəbənin planı birinci mərtəbənin planını təkrarlayır. Ancaq aşağıdakı giriş üstündə balkonlar yerləşdirilib. Yan otaqlarda  bir qədər fərq var. Buxarılar yerini dəyişib-buxarılar yan divarlarda yox, şimal divarın mərkəzində yerləşdirilib. Otaqların cənub divarları tam şəbəkəlidir. İkinci mərtəbənin yan otaqlarında divar rəsmləri var. Qərb otağın birinci yarusunda, saya fonda gül buketləri çəkilib, buxarının üz səthi güllər ilə bəzədilib. Divarların rənglərində üstünlük qırmızı, tünd göy rənglərə verilib. Tavan taxtadan deyil, gəclə suvanmış və üzərində bitgi ormanenti ilə bəzədilmiş səthdir. 
Mərkəzi zalların planları təkrarlanır. Fərqli olan xannişin hissədə buxarı deyil, bütöv şimal divar üç seksiyalı şəbəkədir. Xannişinin tavanı yenə də daha alçaq, bitgi ornamentlidir. Əsas zalın da tavanına keçid iki sıra stalaktitdəndir, tavan isə bitgi ornamentilə rənglənib.