Abidənin indeksi AZ-701005-1100-001
Abidənin Adı Məbəd (Çarekvəng məbədi) Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq kompleksi
Abidənin Tarixi 1684-kilsə, 1659-zəng qülləsi
Abidənin Ünvanı AZ2142, Gədəbəy rayonu, Söyüdlü kəndi
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Abidə bərpa olunmalıdır. Ərazi təmizlənməli, arxeoloji qazıntılar təşkil edilməlidir. Monastır kompleksinə vaxtı ilə daxil olmuş digər abidələr aşkar edildikdən sonra monastır-Çarekvəng kompleksi nümayiş etdirilməlidir.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə -----
      - Divarlar -----
      - Örtüklər -----
      - Döşəmələr -----
      - Tavanlar -----
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq zonası şimala-50 m, cənuba-50 m, qərbə-50 m, şərqə-50 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri ---- ----
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
Alban tarixçiləri Kirakos Gəncəli və Mxitar Qoş barəsində yazdıqları məşhur Çarekvəng monastırı ümumiyyətlə qənaətbaxş vəziyyətdə günümüzə çatıb. Vaxtı ilə iri monastırın qalıqları dağların yüksəklərində yerləşir. Kilsənin yerləşkəsi və eyvan şəklində tağbəndi var. 
Kompleksin dini hissəsi-kilsə, onun yerləşkəsi və giriş eyvanından ibarətdir. Onlar vahid iki yamaclı dam altında dördbucaqlı həcm şəklində cəmləşirlər. Kilsə dağıntılara məruz qalıb. Ərazidə kompleksin digər tikililərinin qalıqları açıq görünür. Həmşivəng kompleksində olduğu kimi, burada da ən yaxşı vəziyyətdə günümüzə zəng qülləsi çatıb. Kilsə plan quruluşuna görə enli mərkəzi və ensiz yan nefləri olan üçnefli bazilikadır. İki cüt sütunun və onlara uyğun gələn divar pilyastrları üzərində çatma tağlar yerləşir. Onlara isə analoji formalı tağtavan söykənir. Kilsənin qərb tərəfindən yerləşkə əlavə edilib. Onun eni kilsənin yan və mərkəzi nefləri ilə eynidir. Yerləşkə iki asimmetrik qoyulmuş sütunlarla əmələ gəlmiş tağbəndli binadır. Kilsədən fərqli olaraq yerləşkənin tağları və tağtavanı yarımdairə şəklindədirlər. Kilsənin cənub divarında kilsəyə giriş yerləşir. Cənub divarda iki sütun və iki pilyastr üzərində qurulmuş üç ikiqat  yarımdairəvi tağlardan eyvan-portik var. Eyvanın dərin kölgəsi yaxşı işıqlanan  təqribən  hamar cənub divarla kontrast yaradır və bununla dini binanın fasadında maraqlı kölgə yaranır.
Eyvanın sütunlarının maraqlı həlli var. Səkkizüzlü sütunlar küncləri kəsilmiş kvadrat bazanın üstündə ucaldılıb. Sütündan bazaya olan keçid üç səkkizüzlü valik ilə həll olunub. Onların arasında içəri əyilmiş kəmər var. Kapitellərin həlli də analojidir. Onlar küncləri kəsilmiş kvadrat plitə və bir neçə valikdən ibarətdir. Pilyastrların forması bir qədər fərqlənir. Onların küncləri burmalarla bəzədilib.
Yerləşkənin fasadları yonulmuş daşlarla üzlənib, kilsənin divarları isə kobud daşlarla hörülüb. Kilsənin əsas naxışları qapı və pəncərələr ətrafındadır. Pəncərə ətrafında müxtəlif formalı daş naxışlar var, cənub fasaddakı giriş qapısı isə kərpiclə hörülüb. Yerləşkədən kilsəyə və eyvandan kilsəyə aparan qapılar da zəngin bəsədilib. Divar hörgüsünə bir neçə yerdə xaçdaşlar qoyulub. Bir neçə yerdə profilli karniz qalıqları izlənir.
Kilsənin və yerləşkənin divar və sütunları daşdandır, tağtavanlar və tağlar isə bişmiş kərpicdən. Çarekvəng kilsəsi Həmşivəng kilsəsindən gec tikilməsinə baxmayaraq onların plan və tikilmə xüsusiyyətləri bir-birinə çox yaxındır.
Kilsənin şimal-şərqində ikiyaruslu zəng qülləsi ucaldılıb. Onun kubik formalı aşağı yarusunda çadır örtüklü səkkizüzlü rotonda yerləşir. Zəng qülləsi də iki tikinti materialından-daş və kərpicdən inşa edilib. Aşağı yarus müxtəlif ölçülü yonulmamış daşlardandır, yuxarı yarusun sütun və örtüyü isə bişmiş kərpicdən. Kilsənin və zəng qülləsinin kərpic hörgüsü vaxtı ilə suvaqlanmışdır. Kilsədə olan epiqrafik yazılara görə kilsə “Aqvan (Alban) Evinin patriarxlığı zamanı” 1684-cü ildə, zəng qülləsi isə 1659-cü ildə inşa edilmişdir.
Monastır ərazisində daha bir neçə tikililərin qalıqları izlənməkdədir- sövməə, yaşayış və təsərrüfat tikililəri kompleksin zənginliyi və əhəmiyyəti barəsində xəbər verir. Memarlıq nöqteyi nəzərindən kompleks ilk növbədə dini qrupun plan və kompozisiya həlli ilə maraqlıdır. Üç bir-birindən funksional və kompozisiya nöqteyi nəzərindən fərqlənən tikilinin bir-birinə bitişik yerləşərək bir vahid həcm təşkil etməsi Qafqaz Albaniyasının memarlığı üçün xas idi. Qafqaz Albaniyasının memarlığında tədqiq edilən monastır kompleksləri üç qrupa bölünür: xətti, mərkəzləşmiş və mürəkkəb kompozisiyalı (G.Məmmədovaya görə). Çarekvəng monastırı üçüncü mürəkkəb kompozisiyalı komplekslərə aid edilə bilər, ona görə ki, burada bütün kilsə tikililəri eyni ikiyamaclı dam altında birləşir.