Abidənin indeksi AZ-504048-1000-001
Abidənin Adı Məbəd kompleksi (Yeddi kilsə monastır kompleksi) Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq kompleksi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ3424, Ləkit kəndi, dağ ətəyində, Ləkit-Kötüklü kəndinin başı
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Kompleksə daxil olan abidələr konservasiya edilməlidir, ərazi abdlaşdırılmalıdır. Abidənin ərazisində muzey yaradılmalı və turizm marşrutlarına salınmalıdır.
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə Çay daşı Qəza
      - Divarlar Çay daşı və üzlük kimi yonulmuş əhəng daşı Qəza
      - Örtüklər keramit Qəza
      - Döşəmələr Əhəng daşı Qəza
      - Tavanlar Əhəng daşı Qəza
      - Fasadların dekoru -----
      - İnteryerlər üzlük -yonulmuş əhəngdaşı Qəza
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Yerli
Təsdiq Olunmuş Mühafizə Zonası Qoruq (mühafizə) zonası 2012-ci ildə təsdiq olunub. Abidələrin fasadlarından şimala 90 m, qərbə 50 m, şərqə 58 m, cənuba 192 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 504048-1000-001
İcra Tarixi 2013
İcraçı Səbinə Haciyeva
Qısa Təsviri
Albaniya ərazisində IV-VII əsrlərdə intensiv tikinti aparılırdı. Bu haqda tarixi qaynaqlar şahidlik edir.  Daha aktiv tikinti dövrləri alban çarları Mömin Vaçaqanın (487-510-cu illər) və Cavanşirin (637-680-ci illər) hakimiyyət illərinə təsadüf edilir. Alban tarixçisi Moisey Kalankatlı qeyd edir ki, Arşakilər sülaləsi çarlarından təkcə III Vaçaqan “ildə neçə gün varsa, bir o qədər də Şərqdə kilsə tikdirib”. Mehranilər sülaləsindən olan Cavanşir isə “xəlifə tərəfindən göstərilən ehtiramı rədd edərək, daha çox öz ölkəsinin qayğısını çəkir, tikintisi və abadlaşdırılması ilə məşğul olurdu”.
Bizim günlərə qədər qorunub saxlanmış monumental memarlığın çoxsaylı örnəkləri alban memarlarının yüksək ustalıq səviyyəsindən xəbər verir. Tikinti fəaliyyətinin ən yaxşı nailiyyətlərini özündə cəmləmiş olan  dini tikililər erkən orta əsrlər memarlığı haqqında daha dolğun və hərtərəfli məlumat verir.
Erkən xristian memarlığı (IV-V əsrlər) təkcə tikinti sənəti ənənələri ilə deyil, mövcud memarlıq növlərinin memarlıq-planlaşdırma strukturlarının birbaşa iqtibası ilə də özündən öncəki antik dövr ilə sıx bağlıdır.
Dini memarlığın təkamülündə ilk mərhələ uzunsov (zal) və mərkəzi (günbəzli) kompozisiyalarının paralel, eyni əhəmiyyətə malik istifadəsi ilə xarakterizə edilir. Hər iki sistemin intensiv inkişafı, uzunsov və sentrik kompozisiyaların – günbəzli zalların və günbəzli bazilikaların sintezini təşkil edən memarlıq tiplərinin meydana çıxmasına səbəb olmuşdur. Üçnefli bazilikaların günbəzli bazilikalara çevrilmə prosesi əyani surətdə Yeddikilsə monastırının qərb məbədində nümayiş olunur. 
Çoxsaylı abidələri, dövrün xristian memarlığının bütün əsas memarlıq tiplərinin inşaat təcrübəsində istifadəsini, mərkəzi  günbəzli tipin yerli variantının (dairəvi məbədlərin) yaranmasını, mürəkkəb konstruktiv və kompozisiya həllini, gözəl ifadəli zahiri görünüşü, inşaat texnikasının yüksək səviyyəsini nümayiş etdirən memarlığın surətlə inkişaf etməsi, IV-VII əsrləri alban memarlığının ilk çiçəklənmə dövrü adlandırmağa imkan verir.
Şimali Azərbaycan ərazisində, Qafqaz Albaniyasında, islamdan öncə dini memarlığın əsas formaları bazilikalar və günbəzli məbədlər olmuşdur. Ehtimal etmək olar ki, bu memarlıq tipləri çərçivəsində işlənib hazırlanmış konstruktiv və kompozisiya üsulları memarlıqda yeni mövzunun – müsəlman məscidinin formalaşmasının əsasını təşkil etməli idi. Erkən islam dövrünün memarlıq elmində bəlli olan abidələri bu fərziyyəni təsdiq edir.
Qax rayonunun dini abidələri arasında Yeddi kilsə monastr kompleksi öz unikallığı ilə seçilir. Monastr Ləkit kəndindən şimalda, Kötüklü kəndinə aparan yolun üstündə yerləşir. Kompleks tarixi Qafqaz Albaniyası − Azərbaycan ərazisində ən erkən monastr ansambllarından biridir. 
Kompleksin ibadət hissəsinin tərkibinə üç nefli və xaçvari-gümbəzli məbədlər, eləcə də, beş ədəd kiçik kilsə-sövməə daxildir. Dini binalar bu gün kəndarası yolla iki hissəyə ayrılan iri monastr ərazisinin mərkəzində tikilmişdir. Müdafiə divarları və giriş qapısının, çoxsaylı təsərüffat tikililərinin, həmçinin gözətçi qüllələrinin qalıqları monastrın mühüç əhəmiyyətə malik kompleks olamsına xəbər verir.
Monastrın dini binaları Ləkitçay dərəsinin kənarında hamarlanmış böyük sahədə ucalır və dağ yamaclarının yarımhalqası ilə əhatə olunur. Bir qədər yuxarı terraslarda təsərrüfat və yaşayış binaları yerləşirdi. Bu günə qədər qalmış iki məbəddən biri şərqdə apsida çıxıntıları olan iri üçnefli bazilikadır. Keçən əsrin 80-ci illərində aparılan arxeoloji qazıntılar bazilikanın V-VI əsrlərdə inşa edildiyini müəyyənləşdirmək imkanı verdi. Arxeoloqların müəyyən etdiklərinə görə, onun 1-ci tikinti dövrü–V-VI əsrlərə, 2-ci dövrü–VII-VIII əsrlərə və 3-cü dövrü–XI-XII əsrlərə aiddir. Maraqlıdır ki,  məbəd əvvəlcə  adi üç nefli bazilika kimi tikilmiş, sonralar yenidənqurma zamanı ona gümbəz də əlavə edilmişdir. İki böyük pilon və onlara uyğun olan qərb divarındakı pilyastrlar məbədin daxili hissəsini üç nefə ayırır. Şərq hissəsi dərin, yarımdairəvi altarlı apsidadan və iki sövməədən ibarətdir. Onların apsidaları xarici divarların düzbucaqlısından kənara çıxır. Girişlər ilkin olaraq qərb, şimal və cənub divarlarında olmuşdur. İndi kilsəyə qərbdən birləşən narteks ilkin vəziyyətdə onun ümumi həcminə daxil olmuş və yalnız sonralar ondan divarla ayrılmışdır. Məbədin divarları şirindaş plitələrlə üzlənmişdir.  
Məbədin yaxın analoqu Qum bazilikasıdır. Onları təkcə tipoloji əlamətlər yox, altar hissəsinin xarici görünüşü, sütunların forması, qapı yerlərinin xarakterik yerləşməsi, yan divarlarda pilyastrların olmaması və başqa xüsusiyyətlər yaxınlaşdırır. 
Kompleksin xaçvari-gümbəzli məbədi də az maraq kəsb etmir. Abidə arxeoloji cəhətdən yaxşı tədqiq olunmuşdur. Yan neflərin örtüyünə qədər saxlanılmış cənub və şimal divarları, altar qrupu və iki pilonu məbədin plan və konstruktiv həllini bərpa etmək imkanı verir. Məbədin möhtəşəm xarabalıqları onun keçmiş memarlıq siması barədə təsəvvür yaradır. İkiyamaclı kirəmidli dam örtüyü ilə örtülmüş ağ kilsə binası barabanlı gümbəzlə tamamlanırdı. Gümbəz, demək olar ki, məbədin mərkəzində yerləşirdi. Üç girişin və pəncərə yerlərinin tağlı çərçivəsi, həmçinin, profillənmiş hündür karniz məbədin xarici dekorunun əsas elementlərini təşkil edirdi. Transeptin xarici divarlarını tamamlayan üçbucaqlı hissədə yan fasadların yeganə pəncərəsi diqqəti cəlb edirdi. Şərq fasadda üç pəncərə yeri var idi. Görünür, artıq mövcud olmayan qərb fasadında da pəncərə yerlərinin sayı bu qədər idi. Yonulmuş profillənmiş daşdan düzbucaqlı çərçivəyə alınmış pəncərə yerinin tətribatı daha çox nəzərə çarpır. Gümbəzaltı dayaqların kapitelləri enli ətəkcikdən və valçadan təşkil olunmuşdur. 
Monastrın beş kiçik kilsəsi (sövməəsi) eyni plan həllinə və yaxın ölçülərə malikdir. Hər biri kvadrat şəklində yerləşkədən və ona birləşən bir cüt kiçik taxçası olan yarımdairəvi  altarlı absidadan ibarətdir. Plan və kompozisiya həllinin oxşarlığı, istifadə olunmuş tikinti materialının eyniliyi kiçik kilsələrin çoxunun eyni vaxtda tikilməsindən xəbər verir. Yalnız yonulmamış daşdan tikilmiş, üzlənməmiş hörgüsü olan cənub-şərqi sövməə seçilir. Arxeoloji qazıtılar zamanı aşkar edilmiş qəbirlər kiçik kilsələrin memorial xarakterli tikililər olduğunu göstərir. Əsası V-VII əsrlərdə qoyulmuş monastrın dağıntıları onun əzəmətli mənzərəsini təsəvvürə gətirir, onun keçmiş gözəlliyindən və qüdrətindən xəbər verir. 
Yeddikilsə məbədində Albaniya üçün xas olan tikinti materialından istifadə edilmişdir. Sütunlar, mehrab apsidası, ola bilsin, qorunub saxlanmayan günbəz, transeptin tağbəndləri səliqə ilə yonulmuş əhəndaşı ilə üzlənmişdir, halbuki digər konstruksiyalar kobud işlənmiş daşdan yerinə yetirilib. Hər bir materialın konstruksiyaların müəyyən sahələrində mükəmməl surətdə istifadəsi ilə bir tikilidə bir neçə materialın tətbiqi Albaniyanın inşaat texnikası üçün xarakterikdir.
Albaniyanın xristian memarlığı – monumental memarlığın inkişafında böyük rol oynamış orta əsr Azərbaycan memarlığının mühüm bir hissəsidir. Qafqaz Albaniyasının bu kompleksinin məbədləri biri-birindən memarlıq-planlaşdırma özəllikləri və konstruktiv həlli ilə fərqlənən kompozisiyaya malikdirlər. Xristian memarlığının erkən tiplərindən biri olan üçnefli bazilikalar arasında kompleksin bazilikası cox mühüm rol oynayır. Xaçvari- günbəzli kilsə və sövməələr həmin dövrdə tikilən abidələr üşün xarakterikdir. Kompleksin ümumi plan quruluşu, abidələrin yerləşdirilməsi Qafqaz Albaniyası memarlığında cox vacıb yer tutur.