Abidənin indeksi AZ-503008-1500-001
Abidənin Adı "Gələrsən, görərsən" qalası Qala
Tipoloji Mənsubiyyəti Memarlıq abidəsi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ5525, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir.
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə Çay daşı Qəza
      - Divarlar Çay daşı Qəza
      - Örtüklər -----
      - Döşəmələr -----
      - Tavanlar -----
      - Fasadların dekoru -----
      - İnteryerlər -----
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Qala divarlarından hər tərəfə 40 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 503008-1500-001
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
“Gələrsən-Görərsən” (bəzi mənbələrdə “Gəl, gör, get” qalası) qalası və ya “Qız Qalası” şəhərdən təqribən 4 km aralıqda, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında yüksək dağlar sıralanır. Qalanın belə bir strateji cəhətdən əlverişli sahədə salınmasında əsas məqsədi o olub ki, qalaya öndən, arxadan və çay tərəfdəki sıldırım qayadan hücum etmək mümkün olmasın.
Kiş kəndinin tarixi və mədəniyyəti qədim Azərbaycan şəhəri Şəki ilə sıx bağlıdır. Şəkidən fərqli olaraq, Kiş kəndi daha əlverişli coğrafi mövqeyə malikdir. Kiş çayının yatağı ilə gələn sel axınları yüksəklikdə yerləşən kəndə böyük zərər vurmurdu. Kəndi əhatə edən dağ və dərələr əlverişli müdafiə şəraiti yaradırdı. Tarixi abidələrlə zəngin olan Kiş bir muzeyi xatırladır. Bu yaşayış məntəqəsində ən böyük abidə Kiş qalası sayılır. Kişlilər ona Qız və ya Qızlar qalası deyirlər. Qız alınmazlıq və məğlubedilməzlik anlamını ifadə edir. "Qızlar qalası" adı ilə bağlı bir sıra əfsanələr də mövcuddur. Həmin əfsanələrin birində deyilir ki, "Oxut xanının qızı atasının onu sevmədiyi oğlana ərə vermək istəyi ilə razılaşmayıb və atasından küsərək Ot dağının zirvəsində möhkəm bir qala tikdirib. Yalnız qızların yaşadığı bu qalada xan qızı onlara başçılıq edib”.
Məlumat var ki, Şəki hakimləri düşmən hücumları zamanı məhz Kiş qalasına sığınırdılar. “Gələsən-Görəsən” qalası, müdafiə divarlarının kəndin müxtəlif məhəllələrində gözə dəyən qalıntıları bu kəndin zəngin tarixindən söz açırlar. Müasir Kiş bir neçə məhəlləyə bölünür. Onlardan bəzilərinin adları Qəven, Xantamar, Maflar, eləcə də Layişlər, Çour, Doxun bu yerlərin tarixi keçmişi ilə bağlıdır. Qədim ayinlərlə bağlı olan toponimlərin mövcudluğu Kiş kəndinin qədimdən dini mərkəz olduğunu fərz etməyə imkan yaradır və təsadüfi deyil ki, qədim xristian məbədinin tikilməsi üçün məhz bu yer seçilmişdir. Məlumdur ki, ilk kilsələr çox vaxt köhnə bütpərəst ibadətgahların yerində, ənənə ilə təqdis edilmiş, camaatın sitayiş üçün getməyə öyrəşdiyi yerlərdə tikilirdi.
Bəzi müəlliflər qalanın tarixini XVI əsrə aid etsələr də, bir sıra mənbələr abidənin daha əvvəlki dövrlərdə inşa edildiyini xəbər verir. Məsələn, ərəb müəllifi İbn Ərəbşahın yazdığına görə, 28 iyul 1402-ci il tarixdə baş vermiş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur yolüstü iki istehkamı bir müddət mühasirədə saxlayıb və nəhayət, onları ələ keçirib. Bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası olub. Ehtimal etmək olar ki, həmin "Gəl-Gör-Get" - "Gələrsən-Görərsən"  qalasıdır. Qalanın İbn Ərəbşah tərəfindən verilmiş təsviri də məhz "Gələrsən-Görərsən" qalasına uyğun gəlir.
Bu qala haqqında yazılı məlumat Kərim Ağa Fatehin “Şəki xanlarının müxtəsər tarixi” və Hacı Seyid Əbdülhəmid Əfəndinin “Şəki xanları və onların nəsilləri” əsərində bəhs olunmuşdur.  
Mənbələr göstərir ki, Şəki Xanı Dərviş Məhəmməd xan 1551-ci ildə Qız(lar) qalasında müdafiə olunmuş və Kiş qalasının alındığını görüncə qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın hücumu ilə əlaqədar Qız(lar) qalasını qeyd edir. Dərviş Məhəmməd xanın qətlindən sonra Şəki xanlığı ləğv edilmişdi və artıq 192 il idi ki, Şəki şahın təyin etdiyi məliklər tərəfindən idarə olunurdu. 1743-cü ildə Hacı Çələbi xan oradakı məliki və onun adamlarını qətlə yetirib özünü xan elan etmişdir və Şəkini müstəqil xanlığa çevirdi. Buna cavab olaraq Nadir şah Şəkiyə hücum etmişdir. Qalanın yeni adı, yəni  “Gələrsən-Görərsən” adı bu hadisələrlə bağlıdır. Hacı Çələbi şaha tabe olmaqdan imtina etmiş və qalada gizlənmişdi. Şah ondan öz qələbəsinə əminliyinin səbəbini soruşanda Hacı Çələbi cavab vermişdi: 
“Gələrsən görərsən”. 1744-cü ildə Nadir şahın qalanı istila etməklə bağlı uğursuz cəhdindən sonra qala belə adlanmağa başladı.
Qalada əsaslı arxeoloji işlər aparılmasa da, müəyyən vaxtlarda axtarışlar nəticəsində buradan müxtəlif maddi-mədəniyyət nümunələri-bişmiş kərpicdən və çay daşlarından tikilmiş yaşayış evlərinin qalıqları, təsərrüfat quyuları, saxsı qab qırıqları, hovuz, inşaat materialları və s. aşkar olunub. Qalanın coğrafi mövqeyi, möhkəm divarları və sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirib.
Hal-hazırda bu tikilidən yalnız qala divarlarının və qüllələrin müəyyən hissələri qalmışdır. Günümüzə çatmış qala divarları qalanın bütün strateji nöqteyi nəzərindən əlverişli qaydalarla tikilmişdir. Qaratəpə dağının üzərində yerləşən və yüksək dağla sıralanan bu qala relyefi təkrar edir. Divarlar boyu bir neçə güllə qalıqları var. Qalanın içərisində isə ən yüksək və strateji cəhətdən əlverişli yerdə sitadel yerləşirdi.