Abidənin indeksi AZ-704007-1100-001
Abidənin Adı Alban məbədi Məbəd
Tipoloji Mənsubiyyəti Memarlıq kompleksi
Abidənin Tarixi bilinmir
Abidənin Ünvanı AZ3518, Avey dağının zirvəsində
Müasir İstifadə Xarakteri İstifadə olunmur
İstifadəsi Üzrə Təkliflər Turizm məqsədi ilə
Abidənin Texniki Vəziyyəti materialı vəziyyəti
      - Bünövrə daş Qənaətbəxş
      - Divarlar daş Qənaətbəxş
      - Örtüklər daş Qənaətbəxş
      - Döşəmələr yoxdur Qəza
      - Tavanlar daş Qəza
      - Fasadların dekoru yoxdur -----
      - İnteryerlər daş Qənaətbəxş
      - Divar rəsmləri -----
      - Heykəltaraşlıq nümunələri -----
      - Tətbiqi sənəd əsərləri -----
Qorunma Kateqoriyası Ölkə
Təsdiq Olunmuş Mühafizə Zonası Abidənin fasadlarından şimala 30 m, cənuba 27 m, qərbə 28 m, şərqə 27 m qəbul olunub.
Ümumi Görünüşün Fotosu
Sənədlərin Saxlanma Yeri 704007-1100-001
İcra Tarixi 2013
İcraçı Səbinə Hacıyeva
Qısa Təsviri
Daş Salahlı məbədi Avey dağının üstündədir. Toponim "daş" sözündən və "salahlı" etnonimindən ibarətdir. Kənd daşlıq sahədə yerləşdiyinə görə belə adlanmışdır. Salahlılar yerli qazax tayfa birliyinə daxil olmuşdur.
Tarixi mənbələrdə Müqəddəs Sarqis monastırı kimi yaranan abidə Avey dağında, 922 metr dəniz səviyyəsindən yüksəklikdə və 420 metr dağın ətəyindən yuxarıda yerləşir. Bəzi ermənidilli mənbələrə görə monastır Mesrop Maştos tərəfindən Müqəddəs Sarqisin təmsilçilərinin birinin şərəfinə tikildiyi fərz edilir, bu da tarixçi Kirakos Qandzakski tərəfindən “Ermənistanın tarixi” əsərində qeyd edilir. Tarixçi V.Barsberdsi monastır barədə qeyd edərkən bu tikilini Kirakos Qandzakskinin məlumat verdiyi Avey qalası ilə əlaqələndirir. Makar Barxudaryana görə, “aləmə xaç və kilsə bəxş edən məhşur qardaşlıq, mövcud olan zirvədə yerləşən və üzü günəş məkanına baxan məlum qala və bölgə müqəddəs insan və dilmançı olan Mesrop tərəfindən yaradılmışdır”.
Avey dağının zirvəsinin kənarları qədim dövrlərdə divarla əhatələnmiş və dağ təcrid olunduğu üçün burada qala yaranmışdır. Qala kifayət qədər möhkəmləndirilmiş, təəssüf ki, burada su yoxdur. Bu səbəbdən də burada daşlarda yağış suyu ilə dolan bir neçə su çəni qurulmuşdur. Ehtimal ki, qədimdə kazarma kimi xidmət edən xüsusi düzəldilən 20-dən  çox daş mağaralar mövcuddur ki, onların bəzilərinin tüstü çıxan oyuğu. Dağın ən yüksək zirvəsində yerləşən qalada olduqca qədim zamandan  süd rəngli  hamar yonulmuş daşdan kiçik monastır inşa edilmişdir. Məbəd Avey dağının daşından ucaldılmış və formasına ğörə kirəmiti xatırladan daş plitələrlə üzlənmişdir"(Barxudaryana görə). Monastırın cənubunda yerləşən qala divarlarının xarabalıqlarının bu alban qalasının qalıqları olması ehtimal edilir. Həmin monastır regionda ziyarət mərkəzlərindən biri idi. Bura Pasxa zamanı və bazar günləri ziyarət edilirdi.
Abidədə bir neçə dəfə bərpa və təmir işləri aparılmışdır. Son bir neçə bərpa və təmir işləri ermənilər tərəfindən aparılmışdır və bu səbəbdən abidənin görkəmi öz ilkin görünüşünü itirmişdir. Kompleksin qərb və yuxarı hissələri ilkin görünüşü ilə müqayisədə çoxlu dəyişmələrə məruz qalıb. Təəssüflər olsun ki, bərpa və təmir işləri barəsində mənbələrdə müxtəlif fikirlər irəli sürülür.
Arxiv materiallarından və monastırın kilsəsinin divarında həkk olunan yazılara əsasən kompleksin son bərpası 1851-ci ildə Tiflisdən olan erməni millətli Esai Nurinyans tərəfindən həyata keçirilmişdir. Arxiv sənədlərinin və monastır divarlarının yazılarında göstərildiyi kimi, bu monastırda əsaslı bərpa işləri aparılmışdır. Daha sonra aqa Sarkis Varşamyan  həmçinin monastırı bərpa etmişdir. Son bərpa Qazax rayonunun Koti kəndindən Arzuman Xaçaturoviç Ter-Sarkisyan tərəfindən eyni rəngli hamar yonulmuş daşla bərpa edilmişdir. Monastırın yaxınlığında həmçinin hamar yonulmuş daşlardan inşa edilmiş «Sürb Küraka» adlanan zəng qülləsi tikilmişdir (Barxudaryana görə). Kompleksdə ən erkən yazıların tarixinin XIII əsrə, ən son  yazıların isə XIX əsrə aid olması barədə məlumatlar mövcuddur.
Jurnalist Sadiq Qaranın 2003-cü ildə nəşr edilmış «Bura Qazaxdır» kitabında göstərilir ki, abidənin cənub fasadındakı girişin üstündə vaxtilə qırmızı tuf daşından üzərində alban (qarqar dilində) yazısı olan daş var idi. Sonralar ermənilər tərəfindən dəfələrlə “müsəlmanlar tərəfindən pozulmuş xristian abidəsinin bərpası” adı ilə aparılmış işlər nəticəsində daş yox edilmişdir. Həmin vaxtı müəllifin dediyinə görə fasadlarda bir neçə daş da əvəz edilmişdir.
Arxeoloqların tədqiqatlarına əsaslanaraq, kompleks 3 dəfə bərpa edilmişdir, sonuncu bərpa 1838-ci ildə erməni keşişi Ter-Baqdasaryan tərəfindən aparılmışdır. Məhz həmin vaxtdan etibarən kompleks Surb Sarkis kimi tanılır. Abidənin üzərində isə erməni, gürcü, rus və ərəb dillərində yazılmış “1838-ci il” və “Ter-Baqdasaryan” yazıları əlavə edilmişdir.
Arxeoloq Firuzə Muradova tərəfindən aparılmış kəşfiyyat xarakterli qazıntılar sübut edir ki, indiki məbədin divarları altında daha qədim divarın qalıqları var. Arxeoloqlar Firuzə Muradova, Cəfərqulu Rüstəmov və Şota Salehin iddiasına görə bu ərazidə xaçpərəstliyin yayılmasından əvvəl Ay məbədi (Ay evi) mövcüd idi və bu da dağın adının əmələ gəlməsinə əsas olmuşdur.
Monastır Qazax rayonunun Alpaut və Daş Salahlı kəndləri arasında dağda yerləşir. Ölçülərinə görə çox da iri olmayan bu kompleks öz yeri sayəsində ətraf ərazilər üzərində hakim mövqe tutur.
   Monastırın dini hissəsi ümumi divara malik iki kilsədən (şimal və cənub) və onlardan şimal-şərqdə inşa edilən kiçik zəng qülləsindən ibarətdir. Hər iki kilsə ikipilləli bünövrə üzərində ucalır və çox güman ki, ardıcıl olaraq inşa edilib. Şərq divarının hündürlük üzrə üst-üstə düşməyən hörgü və tikililəri bunu sübut edir. Kompleksin tikilmə tarixi X-XI əsrlərə aid edilir. 
   Nisbətən böyük olan kilsələrdən biri (xarici ölçüləri 4,860 x 5,880 m) xaricdən düzbucaq, daxildən isə xaçvari plana malikdir. Xaçın ən uzun qolu şərq tərəfdən yarımdairə ilə tamamlanır, digər qısa qolu isə düzbucaq formaya malikdir. Kilsənin mərkəzi hissəsində dairəvi baraban üzərində günbəz ucalır. Plan baxımından oval formaya malik günbəz mürəkkəb şəkildə profillənmiş düzbucaq sütun başlıqlarına söykənən yarımdairəvi tağlar vasitəsi ilə yaranmış düzbucağa (2,7 x 2,2 m) söykənir.
   Xarici ölçüləri 3,840 x 5,078 m olan  ikinci kilsə zal tiplidir. Bu tikili birinci tikiliyə şimal tərəfdən divarın böyük açırımı vasitəsi ilə birləşir. Kilsələrin uzunluq fərqlərinə baxmayaraq, xaçvari plana malik kilsənin qərb divarı bir zallı kilsəyə nisbətən irəli çıxır. Kilsələrin şərq divarları vahid ox üzərində inşa edilib. Şimal kilsənin ibadət zalı demək olar ki, kvadrat formaya, altar apsidası isə planda yarımdairəvi formaya malikdir.
Kilsələrin daxili yerləşgəsi yarımdairəvi şəkildə tamamlanan iki ensiz apsida pəncərəsi, hər iki məbədin qərb divarlarında yerləşən iki kiçik pəncərə, eləcə də xaçvari plana malik kilsənin dörd baraban pəncərəsi vasitəsi ilə işıqlanır.
Hal-hazırda kompleksə daxil olmaq üçün yalnız bir qapı açırımı mövcuddur. Yarımdairəvi tağa daxil edilmiş açırımın yuxarı hissəsi dağılmışdır. Abidəni ölçən memarların fikrinə görə, cənub divarında mövcud açırımdan daha qədim və daha hündür, lakin eni eyni və ondan bir qədər şərqə tərəf yerləşən açırımın izləri görünür. Hörgü üzərində qalan izlər də bunu sübut edir. Giriş açırımı hal-hazırkı torpaq səviyyəsinə nisbətən bir qədər yuxarıdadır, bu da bir zamanlar kompleksin girişinin qarşısında hal-hazırda iri daşları qalmış pillələrin mövcudluğu barədə fikir söyləməyə imkan verir.
Ehtimal olunur ki, ikinci kilsə xaçvari plana malik kilsəyə sonradan bərpa zamanı birləşdirilmişdir. Bunun nəticəsində şərq fasadının divarlarının hörgü fərqləri aydın hiss edilir. Çox güman ki, kilsənin üçpilləi karnizi də həmin zaman ya əlavə edilmiş, ya da dəyişdirilmişdir. Yəqin ki, kilsələrin bir qədər qeyri-adi örtüyü də bundan irəli gəlir. Zal tipli kilsə göbəri şimala istiqamətlənən birgöbərli  damla örtülmüşdür.
Zəng qülləsinin xarici ölçüləri 2,330 x 3,120 m. Apsida ensiz pəncərə vasitəsi ilə işıqlanırdı. İnteryerin cənub divarında taxça qurulmuşdur.
Daş Salahlı kəndindəki məbəd artıq birinci inkişaf mərhələsində inkişaf edən və sonradan zənginləşən memarlıq formaları ilə xarakterizə olunan erkən orta əsr alban xristian memarlığının ikinci inkişaf mərhələsinə aiddir.
Albaniyada erkən orta əsr memarlığının ikinci inkişaf mərhələsi kompozisiya ümumiliyinə baxmayaraq, plan və məkan xüsusiyyətləri baxımından olduqca fərqlənən «sərbəst xaç» tipli kilsələrin bir neçə nümunəsi ilə (Gədəbəy, Qəbirzadə, Orta Zeyzit kilsələri) ilə təmsil edilir. Sadə xaçvari plana malik kilsələr digər xristian ölkələrində olduğu kimi, Albaniyada da kifayət qədər tez-tez tikilirdi. Qafqazda bu tipin yayılması xüsusən VII əsrə təsadüf edilir. Gədəbəy yaxınlığındakı kilsə də bu dövrə aid edilir. «Sərbəst xaç» tipli Şəki rayonunun Orta Zeyzit kəndində yerləşən digər abidə ikinci inkişaf mərhələsinə aid edilir. Bu zaman xaçın qərb qolu uzandığı üçün bu tipin Kiçik Asiya və gürcü analoqları kimi X əsrə aid edilməsinə əsas verir.
Planın daxili kompozisiyası üzrə Daş Salahlı kompleksindəki cənub kilsə xaçvari Qəbirzadə  kilsəsini xatırlatsa da, onun xarici kütlələri daha çox günbəzli zalları olan məbədlərlə daha oxşardır.
“Sərbəst xaç” tipli xristian kilsələrinin genetik xətti xaçvari zərdüşt türbələri tipinə aid edilə bilər. Maraqlıdır ki, inkişaf etmiş orta əsr dövründə Azərbaycanın müsəlman türbələrinin memarlığında xaçvari plan öz yerini tapır. Bərdə türbəsinin (XIV əsr), Şərafan (XII əsr) və Aşağı Veysəlli (XIV əsr) kəndlərindəki və b. türbələrin aşağı kamera-sərdabələrinin planları da xaçvari hələ malikdir.
Təkcə sərdabələrin deyil, həm də xarici həcmləri xaçvari formaya malik türbələrin nümunəsi kimi, XIV-XV əsrlərə aid olan Şakir ağa türbəsini qeyd etmək olar. Altarın şərq qolda yerləşməsi binanın uzunluğu istiqamətində uzanmasına səbəb olan, qeyd olunan tipə məxsus xristian kilsələrindən fərqli olaraq, müsəlman türbələrində adətən xaçların planda tərəfləri eyni uzunluqdadır.
Kilsələr olduqca məhdud dekora malikdir. Divarların hörgülərinin üst hissələri üzrə keçən üç pilləli karniz və günbəzaltı karniz, eləcə də yarımdairəvi giriş açırımının valçavari çərçivəsi fasadları zənginləşdirir. Bir zallı kilsənin memarlığında maraqlı həllərdən biri də kilsənin şimal-şərq bucağının bütün hündürlük üzrə olmayan kəsilməsidir. Burada həm də azsaylı dekorativ elementlər də mövcuddur. Kiçik kilsənin pəncərələri hər iki tərəfdən kəsmə naxışları olan iki daşla çərçivələnir, pəncərə üzərində yerləşən azma relyefli bəzək valçası ilə nəzərə çarpdırılıb. Zəng qülləsinin karnizinin sadə kiçik rəf şəklində həll edilən kiçik fraqmenti qalmışdır.
Kürsülük hissəsi düzbucaq formalı daşlardan hörülmüş, binanın korpusunun qalan hissəsi isə hamar yonulmuş daş kvadraları ilə üzlənmişdir.
Kilsənin girişinin yaxınlığında batığı olan böyük daş mövcuddur. Ehtimal olunur ki, bu oyuq kilsənin daxilinə girmədən şamların burada yandırılması üçün nəzərdə tutulmuşdur.
Kilsələrin karnizi yuxarı və aşağı rəfçələrdən və onların arasında yerləşən valçadan ibarətdir (rəfçələr ensiz, valça isə nisbətən enlidir). Həmçinin barabanın karnizi də üç pilləlidir və aşağı valçadan, ortada batıqçadan və düzbucaq formalı aşağı rəfçədən ibarətdir.
Kiçik zəng qülləsində pəncərə maraqlı şəkildə həll edilmişdir. Xaricdən həmin pəncərə dairəvi oyuq şəklində, içəridən isə adi pəncərə açırımı kimi tərtib edilmişdir.
Divarların daxili səthləri də hamar yonulmuş daşla üzlənmişdir. Tağlar mürəkkəb profilli sütun başlıqlarına söykənir. İnteryerin tağları və giriş qapısının tağ çərçivəsi yarımdairəvi formaya malikdir.